Azərbaycan və Ermənistan prezidentləri növbəti dəfə Moldovanın paytaxtı Kişinyovda bir araya gəliblər. Bu onların 7-ci görüşü olub. Görüşün konstuktiv keçdiyi və prezidentlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqelərini yaxınlaşdırmağa nail olduqları bildirilir. Bundan başqa, Azərbaycan və Ermənistan prezidentləri tezliklə yenidən görüşmək barədə razılığa gəliblər. Bu məlumatları Amerikanın ATƏT-in Minsk qrupundakı nümayəndəsi Robert Bradtke də təsdiqləyib. Bradke müzakirələrdəki müsbət dinamikanı davam etdirdiyini söyləyib. "Müzakirələr ciddi və konstruktiv oldu. Onlar gələcəkdə yenidən görüşmək qərarına gəldilər" - deyib amerikalı diplomat. Rusiyanın Minsk qrupundakı səfiri Yuri Merzlyakov isə növbəti görüşün tez bir zamanda baş tutacağını söyləyib. Analitiklər hesab edir ki, Kişinyovda keçirilmiş danışıqların nəticələri şənbə günü Sürixdə Türkiyə ilə Ermənistan arasında keçirilməsi nəzərdə tutulan görüş üçün çox önəmlidir. Ermənistan və Türkiyə bu şənbə İsveçrə paytaxtında münasibətlərin normallaşdırılmasına və sərhədlərin açılmasına dair protokolları imzalayacaqlar. Amma protokolların imzalanması onların hələ icrası demək deyildir. Bunlar ayrı-ayrı proseslərdir. Protokolların qüvvəyə minməsi o halda baş verə bilər ki, Türkiyə parlamenti onları ratifikasiya etsin. Sənədlərin parlamentdə radifikasiyası isə müşkül məsələdir. Çünki Türkiyənin mövqeyi aydındır və Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, Azərbaycanın işğal edilmiş əraziləri azad edilmədən Yerevanla heç bir yaxınlaşmadan, sərhədlərin açılmasından söhbət gedə bilməz. Ona görə də Türkiyə tərəfi bu gün (oktyabrın 10-u) İsveçrədə həmin sənədləri imzalasa belə, Dağlıq Qarabağ danışıqlarında irəliləyiş olmayınca protokolların parlament səsverməsinə çıxarılması reallıqdan uzaqdır. Yəni protokollar Türkiyə parlamentində o vaxt səsverməyə çıxarılacaq ki, Yerevan Bakıya konkret güzəştlərə getsin, işğal olunmuş Azərbaycan torpaqlarını tərk etsin. Çünki parlamentdə, hətta, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyasının üzvləri arasında bu protokolların əleyhinə olanlar var. Azərbaycanla həmrəylik Türkiyədə çox güclüdür. Bursada Azərbaycana dəstək məqsədilə aparılan kampaniyadakı fəallıq da bunu süböut edir. «Protokollar parlamentə veriləcək və xarici əlaqələr komitəsi bu sənədləri müzakirə edəcək. Lakin həmin komitə sənədləri səsverməyə çıxarmadan istədiyi qədər saxlaya bilər. Zənnimcə, bu sənədlər o vaxtadək saxlanacaq ki, Ermənistan tərəfi Qarabağ məsələsində Azərbaycana doğru addımlar atsın»,- "Economist" jurnalının yazarı Amberin Zaman deyib. Bu bir həqiqətdir.
Deməli, əgər Bakı ilə Yeravan yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı razılığa gələ bilsə, regionda vəziyyət pozitiv ssenari üzrə dəyişəcək və türk-erməni protokollarında öz əksini tapmış «yol xərtitəsi» həyata keçirilməyə başlayacaq. Bu halda hər üç tərəf uduşlu olacaq. Türkiyənin aparıcı regional dövlət kimi rolu artacaq. Onunla region ölkələri hesablaşmalı olucaqlar. Yəni Türkiyə bir güc mərkəzinə çevriləcək. Türkiyə ilə diplomatik əlaqələrin bərpası və sərhədlərin açılması Ermənistan üçün də çox önəmlidir. Bu ölkə həm siyasi, həm də iqtisadi imkanlar qazanacaq. Yerevanın balanslı xarici siyasət həyata keçirmək imkanları artacaq. Onun Avropa və Amerika ilə münasibətlərinin inkişafına geniş imkanları olacaq. Bundan başqa, Türkiyə ilə birbaşa ticarət əlaqələri Ermənistan iqtisadiyyatının inkişafına səbəb olacaq ki, bu da iqtisadiyyatının indiki ağır durumdan çıxmasına imkan verəcək. Hazırda Ermənistan iqtisadiyyatı tənəzzül vəziyyətindədir. Beynəlxalq maliyyə qrumlarının məlumatına görə, bu ölkənin iqtisadiyyatında bu il 15-7 faiz geriləmə müşahidə olunur. İş yerlərinin olmaması səbəbindən ermənilər ölkəni tərk edərək MDB ölkələrinə və Qərbə üz tuturlar. Bu gün Ermənistanda əhalinin sayı heç 2 milyon nəfər deyil. Əgər hadisələr müsbət istiqamətdə dəyişərsə, ölkədə yeni iş yerlərinin açılması, iqtisadiyyatın inkişafı özünü göstərəcək və ermənilərin xaricə axını azalacaq. Yəni ölkədə yaşamağa erməni qalacaq. Perspektivdə isə Ermənistan transqafqaz energi dəhlizinin önəmli elementinə çevrilmə imkanları var.
Azərbaycan isə işğal olunmuş rayonların qaytarılması nəticəsində məcburi köçkünlərin öz yurdlarına qayıtmasına nail olacaq, kənd təsərrüfatı üçün yüz minlərlə hektar torpaq sahəsindən istifadə etmək imkanı qazanacaq. Perspektivdə hər il büdcədən məcburi köçkünlərə ayrılan milyonlarla dollar vəsait başqa sahələrin inkişafına yönəldimləcək. Lakin erməni və azərbaycanlar arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılıq əldə edilməzsə, yuxarıda qeyd etdiyimiz kimi Ankara çətin vəziyyətə düşəcəkvə hər üç tərəf zərərli çıxacaq. Türkiyə bu halda ya, Ermənistanla münasibətlərinin normallaşdırılmasından imtina etməli, ya da Azərbaycanla əlaqələrində problerlər yaşamalıdır. Biz inanırıq ki, Türkiyə Bakıya ziyan gətirəcək heç bir addım atmayacaq. Hansı variantın reallaşacağı isə yaxın vaxtlarda məlum olacaq.
Pünhan ƏFƏNDİYEV