Ukraynanın Ali Radası dövlət məmurlarının maaşlarının 2 dəfə azaldılması haqqında qərar qəbul edib. Deputatlar böyük səs çoxluğu ilə bildiriblər ki, belə qərarın verilməsində əsas məqsəd bəzi büdcə xərclərinin lazımi istiqamətə yönəldilməsidir.
Baş nazir Yuliya Timoşenko isə öz çıxışında bildirib ki, böhran dövründə yüksək vəzifəli dövlət məmurlarının maaşları ən azı 3 dəfə azaldılmalıdır. Hətta baş nazir Yuliya Timoşenko deputatların maaşlarının azaldılması, imtiyazların ləğv edilməsi üçün çalışacağını da deyib. Bu xəbəri oxuyar-oxumaz parlament müxbirimiz Elməddinə təklif etdim ki, bizim deputatlarımız arasında bir sorğu keçirsin, görək, onlar maaşlarının azaldılması, imtiyazlarının ləğv edilməsi ilə bağlı parlamentin növbəti iclaslarında məsələ qaldıra bilərlərmi? Müxbirimiz məni dinləyib başını tutdu: "Siz nə danışırsınız? Nə maaşların azaldılması, imtiyazların ləğv edilməsi? Bizim deputatlara bu barədə sual vermək olmaz. Əksinə, onlar maaşlarının qalxması ilə bağlı daim təkliflər irəli sürürlər".
Mənə elə gəlir ki, Ukrayna deputatları Azərbaycandakı həmkarlarından daha zəngindirlər. Yoxsa bu cür qərarlara qol qoymazdılar. Öz aramızdır, bizimkilər də heç onlardan kasıb deyillər. Maşallah. Bəzi deputatlarımız əməlli-başlı bizneslə məşğuldurlar. Dondurma biznesi birinə, qoyunçuluq başqa birinə məxsusdur. Qoyunçuluq demişkən, mən belə görürəm ki, bəzi deputatlarımızın sayəsində son illərdə kənd təsərrüfatı xeyli inkişaf edib və edir. Öz aramızdır, indi deputatlarımızın böyük əksəriyyətinin mal-qara ferması olması hamıya məlumdur.
Qoy, məni bağışlasınlar, o gün həmkarlarımdan biri ilə bəzi deputatlarımızın dedi-qodusunu edirdik. Həmsöhbətimin sözlərinə görə, rayon icra başçılarından biri deyib ki, artıq deputatların əlindən cana yığılıb. Sən demə, rayonlarımızda artıq torpaq sahələri qalmayıb. "O, gəlir 5 hektar, bu, gəlir 10 hektar yer ver". Yazıq kəndli bilmir ki, mal-qarasını harada otarsın. Sonra da kənddən şəhərə axının qarşısını almaq istəyirik. Torpaqsız kəndli nə etməlidir kənddə?
Nə isə, keçək yaralı yerimiz olan pul məsələsinə. Düzdür, hökumət nümayəndələri deyir ki, böhran hələ Azərbaycanın sərhədlərindən keçməyib. Daha doğrusu, gəlibsədə iqtisadiyyatımıza o qədər də təsir göstərməyib. Etiraf edək ki, ölkədə böhranı heç biz də hiss etmirik. Amma cəsarətin var, get hansısa şirkətdən, bankdan, müəssisədən qəzet üçün reklam istə. Həmin dəqiqə sənə böhrandan danışacaqlar və bunu elə yanğı ilə deyəcəklər ki, az qala cibindəki əzik-üzük manatları çıxarıb onlara təklif edəsən. Yəni dünyadakı böhran bu tip müəsissələr üçün bəhanə mənbəyidir.
Xülasə, mənim bizim deputatlardan gözüm su içmir. Fikirləşirəm ki, yenə də maaşlarının qaldırılmasına nail olacaqlar. Ona görə də təklif edirəm ki, gecəsi-gündüzü olmayan zəhmətkeş jurnalistlərimiz aldıqları maaşlarını deputatlarımıza versinlər. Azərbaycanda da maşallah 3000-ə yaxın qəzet qeydiyyatdan keçib. İndi o qəzetlərdən heç olmasa 30-u öz qazancının müəyyən bir hissəsini deputatlara versə nə olar ki? Təki onlar həmişə zəngin olsunlar. Şəhərin müxtəlif yerlərində evləri, villaları olsun, köməkçiləri yan-yörələrində fırlansın, dövlət imtiyazlarından gen-bol istifadə etsinlər. Bu, Azərbaycanımız üçün üstün bir cəhətdir. Çünki zəngin deputatlarımızın yeni potensialları üzə çıxacaq, hətta qanun yazmağı kənara qoyub şeir, roman, dastan və mahnı yazacaqlar. Bizə də indi dastanlar, poemalar hava-su kimi lazımdır. Qanunları neyləyirik. Bədii əsərlərlə millətə daha çox xeyir verə bilərik. Qanunlar, qoy, öz qanunluğunda qalsın.