Köşəmi həmkarım Babək Göyüşə təşəkkürlə başlayıram. Nə yaxşı ki, o, hər gün redaksiyadadır və nə yaxşı ki, AzTV-dəki işləri azalıb. Sağ olsunlar. AzTV-nin sayəsində Babəki hər gün görürəm və hər gün mediamızdan danışırıq. Xatirələr bizi 1997-98-ci illərdə parlament müxbiri işlədiyimiz dövrə aparır. Həmin vaxtlar bəyənmədiyimiz o dövrə min şükür deyirik.
Özəl informasiya üçün bir-birimizi necə aldatdığımızı, informasiya mənbələrimizi gizlətməyimizi, xəbər üçün bizə verilən qonararı. Niyə biz bu barədə danışırıq? Çünki bizim o dövrdəki jurnalist fəaliyyətimizlə indiki jurnalistika arasında xeyli fərq var. İndi tam fərqli bir jurnalistika formalaşıb və formalaşır. Jurnalistlərimiz az qala Sərdar Cəlaloğlundan da, Bill Klintondan da müsahibəni telefonla götürürlər. Bəlkə, indiki yazı qıtlığında buna şükür etmək olardı. Amma götürdükləri müsahibəni o biri qəzetlərdəki dostlarına da ötürmələri jurnalistikada görünməmiş işdir. Görürsünüz də, hər şeydə birinciyik. Bəlkə də, xətirləri xoş və ya pulları çox olsun deyə belə edirlər. Bu barədə bir az sonra.
Biz də Babəklə indi başımıza döyürük ki, qardaş, əgər biz həmin dövrdə aldığımız informasiyanı ona-buna versəydik, o müsahibələri başqa qəzetlərə satsaydıq, yəqin milyoner olardıq. Milyoner olmasaq da, heç olmasa, bir-iki yerdə restoranımız olardı.
Nə isə. Jurnalistkaya yeni başlamışdım. Təxminən, 1996-cı il idi. Şans elə gətirdi ki, Türkiyəyə getməli oldum və orada bir ay müddətində bir neçə qəzet redaksiyasında oldum. Öyrənmək istəyirdim. Çünki jurnalistikanı çox sevirdim. İşimi çox sevdiyimdən, daha çox şeylər öyrənmək üçün az qala dəridən-qabıqdan çıxırdım. Bir gün türk həmkarlarımdan biri ilə müsahibəyə getməli idim. İstanbulun bu başından o biri başına getməmək üçün Musaya təklif etdim ki, gəl, müsahibəni telefonla götürək. Həmkarımın söylədiyi bu fikir heç vaxt yadımdan çıxmır - "Müsahibə müsahibinin gözlərinin içinə baxılaraq götürülən müsahibədir".
Bəli. İndi biz müsahibimizin gözlərinə yox, qulaqlarına baxırıq. Bəlkə də, jurnalistləri qınamaq olmaz. Çünki bizim bu gün onlara verdiyimiz əməkhaqqı yetərli deyil ki, bütün günü marşrutlarda qalsınlar. Amma inanın, elə biz reportyor olanda da pul problemi var idi. Nə olsun, işləyirdik. Çünki içimizdə peşəmizə böyük bir sevgi, məsuliyyət var idi. Yoxsa indiki kimi. Hamı bir-birinə yazı ötürür. Parlamentin iclaslarını bir müxbir yazıb qəzetlərdəki bütün həmkarlarına göndərir. Demək olar ki, qəzetlərdə hətta yazıların sərlövhələrinin belə eyni olduğunu görürsən.
O gün xarici ölkə səfirliklərindən birinin nümayəndəsi mənə deyir ki, eyni xəbəri bütün mətbu orqanlara göndərirlər, amma xəbər hansısa agentliyə istinadən verilir: "Görəsən, o qəzetlərdə jurnalist çatışmazlığı var? Yoxsa özləri asan olsun deyə agentliyin yaydığı məlumatı dərc edirlər?". Susdum. Çünki bilmirdim nə cavab verim. Doğrudan da, mənzərə belədir.
Mətbuatda nə bir araşdırma var, nə bir oxucunu silkələyən yazı, nə də bir özəl xəbər. Heç nə yoxdur və bu şəkildə də gedir. Hara gedir? Bilmirəm.
Görəsən belə bir vəziyyətdə bu gün birinciliyə iddia edən varmı. Məncə, bizdə heç üçüncü, dördüncü yerdə belə hansısa mətbuat orqanı yoxdur. Kimsə deyə bilər ki, mən hər gün dünyanın hər yerindən xəbər verirəm. Ola bilər. Amma unutmaq lazım deyil ki, buradan Amerikaya zəng edib Brayzadan çeynənmiş bir suala cavab öyrənmək üçün, sadəcə, pul lazımdır. Yəni bu gün pulun varsa, dünyanın istənilən nöqtəsindən xəbər ala bilərsən. O xəbərin xəbər olub olmamağını isə, qoy, oxucu müəyyənləşdirsin.
Yəni bu gün istənilən qəzetin iqtisadi durumu normal olarsa, sizcə, o, Amerikaya zəng edə, dünyanın istənilən nöqtəsindən xəbər ala bilməz?
Bəli, bu gün iqtisadi çətinliklər qəzetlərimizi elə vəziyyətə salıb ki, 2000-ci ildən bu yana mediamizda yeni bir imza üzə çıxmayıb. Bəlkə də qəzetlərimizin ağır iqtisadi durumunu görən gənclər bizim kimi ömürlərini mediaya fəda etmək istəmirlər. Çünki zaman da dəyişib, tələblər də. Amma, məncə, istənilən bir işi başlayanda da, bitirəndə də sevgi səninlə olmalıdır. Peşəni sevirsənsə, az pulla da keçinmək olar. Yəni ömru fəda etməyə dəyər. Qısası işini sevirsənsə, orada uğur da var, birincilik də, lap liderlik də. Hələlik bizdə nə uğur, nə birincilik, nə də liderlik var. Ümid sonda ölür. Gəlin, ümid edək. Ən azı mediamızda yeni imzalar görməyə.