Sizcə, bir azərbaycanlının verə biləcəyi ən tipik, xarakterik, «milli xarakteri» əks etdirən sualı nə ola bilər? Hə!.. Düz tapdınız. «Nə var, nə yox». Birmənalı şəkildə deyə bilərəm ki, istənilən azərbaycanlının bu suala ətraflı cavabı nikbin olmayacaq. Cavabın bədbinlik dərəcəsi isə bilavasitə bağlıdır müsahiblərin kimliyənə, cavab verənin həyat səviyyəsinə, imkanına və bu kimi başqa amillərə… Bir də ki ruslar demiş «nastrayeniyasına» və yaxud bir qədər naqolay səslənsə də, öz milli türkcəmizdə (öz aramızdı, heç bu da öz milli sözümüz deyil ha!..) əhvali-ruhiyyəsinə…
İndi öz növbənizdə məndən soruşsanız ki, əminliyim nəyə əsaslanır, qənaətimin üç mənbəyini, üç tərkib hissəsini açıqlamağa hazır bulunuram. Birincisi, həyat müşahidələrim, ikincisi, oxuduğum bəzi mətbu orqanları və baxdığım bəzi telekanalların verilişləri və nəhayət - ən ümdəsi! - üçüncü mənbə: öz üzərimdə apardığım psixolinqvistik təcrübələrin nəticələri. Üçüncü mənbənin üzərində bir qədər dayanaraq etiraf etməliyəm ki, sözügedən sual şəxsən məndə köklü və işlək «şərti refleks» əmələ gətirir. Yəni «nə var, nə yox» sualını eşidən kimi içimdə «qırmızı lampa» yanmağa başlayır, dilimin altındakı «acizlik tuluğu» hərəkətə gəlir və mən, əfv edərsiz, akademik Pavlovun köpəyi kimi əsasən şikayət… azca etiraz… bir qədər ümidsizlik… bolluca kinayə və rişxəndlə yoğrulmuş sözləri «ifraz» etməyə başlayıram… Qəribəsi odur ki, ünsiyyətdə olduğum imkanlı «qaz vurub qazan dolduran», «yağ-bal içində üzən», «pula pul deməyən», «başına şahlıq quşu qonmuş», topdağıtmaz evdə yaşayan, məlum səbəbdən toyuq budunu yeməyən, nəzərimdə bütün istəklərinə, arzularına yetişən dost-tanışlarım da bu andıra qalmış suala eyni tərzdə cavab verir. Qulaq versən, anlayacaqsan ki, əslində bunlardan böyük əzabkeş, cəfakeş və s. və i.a. keş…» yoxdur!
…İştə, söylədiklərimizi ümumiləşdirsək, bələ bir dəhşətli qənaətə gəlməliyik ki, bu gün gözəlim Aəzrbaycanda, gündən-günə gözəlləşən Ana vətənimizdə, igidlər məskəni olan ulu məmləkətimizdə, iri addımlarla xoş gələcəyinə yeriyən toplumuzda zatən xoşnud, özündən və yaşamından, iqtidarından və müxalifətindən, ədəbiyyat və incəsənətindən, qocasından və cavanından, qohumundan və qonşusundan, dollarından və manatından, müəllimindən və tələbəsindən, qəzetindən və televiziyasından, içindən və çölündən, vidindən və fasonundan, həzm və rabedən, kəsəsi - nədənsə məmnun olan şəxslərin kişilərin, yek kəlmə - var olmasından razı olan nümayəndələrin kökü dibindən kəsilir.
Amma və lakin, elə deyil, axı! Əsla!!! Böhtandır!
Məsələni hərtərəfli araşdırandan sonra şxsən mənə aydın oldu ki, aşkarladığım «bədbəxtlik sindromu»nun əsl səbəbi «Nə var, nə yox» sualının provokasyon xassələrindədir. Yəni ki, sualın o mənfur «nə yox!» məqamı soydaşlarımızı məhz mənfiliklərə yönəldir, məhrumiyyətləri ön plana çəkir, odur ki, biz (mən) gündə, az qala, min kərə «yoxları» dilimizə gətirməyə bir növ adətkərdə olmuşuq. Bunun ucbatından biz (mən) qonuşmuruq-qoxulaşırıq, dərdləşirik, gileylənirik, hələ öz problem yükünü həmsöhbətinin çiyninə atıb da müvəqqəti rahatlıq buluruq. Əsl və yeganə zinət olan insani ünsiyyəti döndərmişik «geydirmə», ucuz tolkuçka əmtəəsinə.
Yetər artıq!
Bəsdir bir-birimizi provokasyona çəkdik!!
Gəlin, ellikcə bu mənfur adəti tərgidək!!!
Budur, bax, hörmətli qəzetimizin araclığıyla bütün məni tanıyanlara xəbərdarlıqda bulunuram:
- Məbadə mənə «nə var, nə yox» sualını verəsiniz! Bunu bilmərrə psixikama təcavüz kimi dəyərləndirib və adekvat mühafizə üsul və vasitələrə əl atmaq hüququmdan faydalanacağam…Onda görərsiz Ana Torpaq necə oğullar yetişdirib!!!
… Allahımız bizə ağıl veribsə, tay nəyi verməyib?!
Bu xəbərdarlığım nə kimi nəticələr verəcək? Bu barədə növbəti yazılarımızda…