DÜNYANIN diqqəti yenidən Qırğızıstana yönəlib. Ölkədə etnik zəmində baş verən qanlı qırğınlar ürək ağrısı yaradır. Keçmiş prezident K.Bakiyevə qarşı başlamış xalq çıxışlarının sonda uzun illərdən bəri Qırğızıstanda yaşayan özbəklərə qarşı çevrilib onlara kütləvi şəkildə divan tutulması, əmlaklarının talan edilərək yandırılması proseslərin heç də xoş olmayan müstəviyə keçdiyindən xəbər verir.
Göründüyü kimi artıq son 4-5 ildə bu ölkədə daxili siyasi böhran heç cür aradan qalxmır. İqtisadi baxımdan keçmiş possovet məkanının ən geridə qalmış bölgələrindən olan Qırğızstanın təbii ehtiyatlar sarıdan da kasıblığı ölkə əhalisinin həyat tərzinə ciddi mənfi təsir göstərir. Ölkədə son illər siyasi hakimiyyətin qeyri sabit olması isə inkişafın qarşısında arzuolunmaz sədd yaradır.
Xatırladaq ki, uzun illər rus imperiyasının müstəmləkəsi olan respublika müstəqillik qazanandan sonra Əsgər Akayevin avtoritar idarəetmə hakimiyyəti altında ciddi iqtisadi-siyasi islahatlardan kənar qaldığından burada daxili problemlər üst-üstə yığılıb qalıb. Hakimiyyətdə təmsil olunan klanlar yalnız özlərinə sərvət toplamaqla məşğul olduqlarından əhalinin güzəranı heç kəsi maraqlandırmayıb. Son illər isə hakimiyyət uğrunda gedən mübarizələrdə siyasilər bölgəçilik kartından iyrəncə şəkildə istifadə etdiklərindən ölkə əhalisi bir-birinə nifrət bəsləyən regionlara bölünüb. Elə sonuncu qırğız lideri K.Bakiyev xalq qiyamı nəticəsində hakimiyyətdən qovulandan sonra bu kart yenidən dövriyyəyə buraxılıb. Bakiyevin qardaşları və qohumları tərəfindən onun müdafiəsi ilə bağlı təşkil olunan etirazlar sonda kütləvi iğtişaşlara çevrilib. Beləcə ölkə siyasi hakimiyyət hərislərinin ambisiyaları üzündən şüurlu olaraq vətəndaş müharibəsinə sürüklənib. Daha sonra hansısa sehirli çubuğun təsiri ilə bu nifrət ölkədəki etnik özbəklərə qarşı çevrilib və vəziyyət idarəolunmaz hala gəlib.
Qırğızıstan bu gün təkcə daxili probleblər üzündən qarışmayıb. Bu respublika həm də xarici qüvvələrin çeşidli siyasi maraqlarının toqquşduğu bölgə olduğundan böyük güclərin gizli servislərinin plastarmına çevrilib. ABŞ və müttəfiqlərinin Əfqanıstanda apardığı hərbi əməliyyatlar dövründə Qırğızıstanın hava və quru məkanı oraya müxtəlif təyinatlı yüklərin və canlı qüvvənin daşınmasında əvəzsiz rol oynayıb. Lakin K.Bakiyev hakimiyyəti ələ alan kimi ABŞ-ın nəzarətində olan «Manas» hərbi bazasını bağlayıb. Təbii ki, bu proseslər Vaşinqtonun əzəli və əbədi rəqibi olan Moskvanın təzyiqi ilə baş verib. «Manas» hərbi bazasının bağlanması ABŞ-a böyük iqtisadi itkilər hesabına başa gəlsə də, o zaman Vaşinqton bu məsələdə çox da dərinə getməyib.
K.Bakiyev Moskvanın bir çox istəklərini yerinə yetirsə də bütövlükdə Kremlin parametrlərinə cavab verməyib. Nəticədə yeni ssenari işə düşüb. Ancaq bölgədə sabitliyin pozulmasını təkcə Moskvanın ayağına yazmaq sadəlövhlük olar. Əvvəldə qeyd etdiyimiz kimi burada bir neçə böyük güclərin marağı toqquşub. Və imperiyaların yüz illər boyu sınaqdan çıxardığı «parçala, hökm sür» siyasəti işə düşüb. Proseslərin pərdəarxası tərəfləri isə daha çoxdur.
Qırğısıstandakı iğtişaşların ən təhlükəli tərəfi eyni kökənli iki türksoylu xalqın-qırğızlarla özbəklərin bir-birinə qanlı düşmənə çevrilmələridir. Artıq iki yüzə yaxın özbəyin vəhşicəsinə öldürüldüyü, on minlərlə özbəyin isə Qırğıstanı tərk etmələri barədə dəhşətli xəbərlər gəlir. Təbii ki, baş verən proseslər Özbəkistanda heç də sakit qarşılanmayacaq və iki xalq arasında sağalması çətin olan bir yaraya çevriləcək. Bu isə son illər yenicə yaranmaqda olan türk birliyi yolunda çətin aşılacaq bir problemə çevriləcək.
Son illər Türkiyənin türk-müsəlman dünyasında artan nüfuzu təkcə onun əzəli rəqiblərinin deyil, elə «strateji müttəfiqlərinin» də dincliyini əlindən alıb. Türk-müsəlman birliyini daim ən iyrənc üsullarla pozub bu xalqları təsir altında saxlayan güclər bu dəfə hədəf kimi Qırğızıstanı seçiblər. Onlar əmindirlər ki, Qırğızıstanda baş verən proseslər davamlı olaraq bütün bölgəni bürüyəcək. Ancan inanırıq ki, dünyaya «Manas» boyda mədəni abidəni və Çingiz Aytmatov kimi dühanı bəxş edən qırğız xalqı sonda özündə müdriklik və mənəvi güc taparaq bu bəladan qurtulacaq, düşmənlərin bəd niyyətini gözündə qoyacaq.