BU günlərdə xarici şirkətlərin birində çalışan əcnəbi tanışlarımdan biri redaksiyamıza hal-əhval tutmaq üçün gəlmişdi. İşlərin çoxluğundan 5-6 aydır ki, görüşmədiyim insanla xeyli söhbətləşdik. Hər şeydən, sosial problemlərdən, siyasətdən, mətbuatdan və s. Elə bu söhbətlər əsasında qonağım Azərbaycanda çalışdığı bu 5 ildə çox maraqlı bir situasiyanın şahidi olduğunu dedi. Deyir ki, çalışdığı şirkətdə azərbaycanlı da, ingilis də var, alman da, türk də, iranlı da, pakistanlı da və s. Amma ən çox azərbaycanlılara üzüldüyünü deyir.
Oxucularım üçün maraqlı olduğunu nəzərə alaraq əncəbinin dediyini olduğu kimi yazıram: «Azərbaycana təzə gəldiyim müddətdə az qala hər ay 2-3 nəfər azərbaycanlını işdən azad edirdik. Təbii ki, şikayətlər əsasında. Sonradan bu işdən azad edilmələr mənim marağıma səbəb oldu. Başladım araşdırmağa və məlum oldu ki, azərbaycanlılar özləri bir-birindən şikayət edir. Bəzən haqlı, əksəriyyət vaxtlarda isə haqsız olaraq. Növbəti belə şikayətin biri mənə gəldi. Şikayətçi öz iş yoldaşı azərbaycanlının işdəki məsuliyyətsizliyindən, bacarıqsızlığından və s. yazırdı. Araşdırma aparılmasını tapşırdım. Bir ay ərzində aparılan araşdırmanın nəticəsi bu oldu ki, o şəxs bizim şirkətin bəlkə də ən çox çalışan, işinə sevgi ilə yanaşan, bacarıqlı, istedadlı işçisi imiş. O zaman nə olur, nə baş verir? Bu şəxslə bağlı narazılıq nədən yaranır? Şikayətçini çağırdım. Söhbətləşdik. Niyə bu bacarıqlı işçidən şikayətinin səbəbini soruşdum. Bir şeyi anladım. Qısqanclıq, paxıllıq. O şirkətdə çalışan yeganə azərbaycanlılardır ki, bir-birilərinin ayağından dartır. Niyə? Nə üçün? Çox düşünürəm. Amma cavabını tapa bilmirəm. Qısqanclıq, paxıllıq məncə bu həddə olmamalıdır».
Təbii ki, bir əcnəbinin bu sözləri mənim üçün təəccüblü deyil. Çünki mən yaşamışam bu şeyləri. Mən o qısqanclığı az qala hər gün görürəm. Özünü yaxşı göstərmək üçün, öz şəxsiyyətini, şərəfini ayaqlar altına atan, təlxəklik edən o qədər insan var ki. Onlar elə düşünür ki, bu hərəkətləri ilə qarşısındakını inandıra biləcək ki, o sədaqətlidir. O həmin şəxsə daha sayqılıdır. Onun pulunu daha çox düşünür. Əslində isə belə deyil. Bəlkə də ən böyük düşmən elə bu yaltaqlığı, təlxəkliyi edən şəxsdir. Təbii ki, həmin şəxslər də bilir ki, qarşısındakı o yaltaq, min dona girən təlxək bir saniyənin içində uf demədən ona ən ağır zərbəni vura bilər. Ancaq bilə-bilə də istifadə etməyi də əldən vermir. Əziyyət çəkən yalnız şəxsiyyətli, abrını-ismətini qoruyan və bir də istedadlı olduğu səbəbi ilə ayağından çəkilən insanlardır. Təəssüflər. Qısqanclıq yaxşı şeydir. Amma sağlam olan qısqanclıq. Mən əgər uğurlu bir işə müsbət bir kəlmə deyə bilmirəmsə, əksinə, pisliklə, yalanla bu uğura kölgə gətirirəmsə, eyvah.
Ey dəyərli oxucum, mən də qısqancam. Elə bilməyin ki, öz maraqlarım ücün ən cirkin oyunları, filanı nəzərdə tuturam, yox! Bir necə ay öncə bir konfransda yeniyetmələrimizi, onların bacarıqlarını izlədim və qısqandım. «Kaş onların yerinə olsaydım» keçdi icimdən . Sonra da bu yeniyetmelərin uğurlarını göz yaşları ilə alqışladım. Sevindim. Axı bu balalar, yeniyetmələr bizim gələcəyimizdir. Aydındır ki, mən daha 17 yaşında ola bilmərəm. Bax, o qısqananlar da, başqalarının uğurlarına kölgə salmağa çalışanlar da nə qədər qısqansalar belə, heç bir şey eldə edə bilməzlər . Çünki Allahın bizə yazdığı taleyi, qisməti kimsə dəyişə bilməz. Tək olan o yaradandan başqa. UNUTMAYIN!!!
P.S. Dəyərli oxucum, bu yazı bu ilin fevral ayında yazılıb. Amma köşə yazarımız Babək Göyüş imkan vermir ki, daim yazdığım səhifəmdə köşəmi yerləşdirim.