Bilirəm, yazımı oxumayacaqsan. Elə ona görə yazıram. Sən indi mətbuatın ağayı dəyməyən, telefonların əhatə dairəsindən uzaq yerlərdəsən, Bəbək. O yerlərdə ki, iki əskər altı zabiti güllələyəndən sonra bir-birini öldürüb. Sən elə vəhşi bir yerdəsən, mənsə burada xəyanətlərin bütün hallarını yaşamaqla məşğulam. Sən elə bunu da bilirsən. Elə bildiyin üçün də yazıram, Bəbək.
Səni həyatımın ən boş, mənasız, fərəhsiz günlərində tapmışdım. Zil qara paltarlar geyinib, saçlarımı qırmızıya boyadığım vaxtlar idi onda. Sən də 19 yaşlı, həyatının məcrasının haa, necə yönəldə bilməyəcəyindən xəbərdar olmayan gənc. Bizi birləşdirən bir şey vardı – heç birimiz heç kimə lazım deyildik.
Biz - heç kimə lazım olmayan iki adam bir-birimizə qoşulduq, heç bir məqsəd-məram olmadan bütün günü şəhəri fırlandıq. Şəxsən mənim səninlə bağlı, heç bir məqsədim yox idi. Nə ola bilərdi ki? Məndən düz beş yaş balaca uşaq, pank-rok gəncliyinə məxsus biri idin. Mənim milliliyimə, kəndçiliyimə qəti dəxlin yox idi sənin. Səni sevib-eləməyi ağlımdan da keçirmirdim. Aradabir uzun boyuna, enli kürəyinə, zil qara saçlarına gizli-gizli, heyran-heyran baxdığımı nəzərə almasaq…
Bir gün təsadüfən səni yüngülvari qısqandığımın şahidi oldun. Necə sevinməyin hələ də gözümün qarşısındadır. Gözlərin parladı:
- Məni qısqandın?
- Hə,- dedim sakitcə (sənə heç vaxt yalan danışa bilmirdim)
- Niyə?
- Bilmirəm. Ağrıdım.
- Məni sevirsən?
-Yox…
- Amma mən səni sevirəm.
- Səndən beş yaş böyüyəm.
- Nə olsun?
- Mətbuatda barəmdə hər şey danışırlar, yazırlar…
- Gözüm aydın. Mən mətbuatı sevmirəm, səni sevirəm.
- Yəni birlikdə olmağımız üçün heç bir şərtin yoxdu?
Gülümsədi. Boyu məndən çox hündür olduğu üçün əyilib, çiyinlərimi qucaqladı. Saçlarımın ortasından öpdü.
- Şərtim var: bir az arıqla..bir də…bir də…saçlarını qırmızıya boyama, sevgilim, boyama!
Gülümsədim. O gündən saçımın qırmızı hissəsini kəsdim. Məndən beş yaş balaca olan o uşaq, mənə əynimdən qara, tünd şeyləri çıxarıb, rəngli, şən paltarlar geyməyi, özümü, həyatımı rəngə boyamağı öyətdi.
Solçuluğuma gülüb keçərdi, amma lağ eləməzdi. Yazılarımı diqqətlə oxuyur, hər köşəmə, hər şeirimə sevinirdi – hətta o şeir başqasına ithaf olunmuş olsa belə…
Hər gün 11 tamamda yuxudan məni onun oyatmağına öyürəşmişdim artıq. O məni oyadandan bir saat sonra Sahil bağında olurdum, biz iki saat bu bağı o baş-bu başa gəzişir, evlənəcəyimizdən, Gərgər-Palan küçəsində ev alacağımızdan, evimizin mütləq küçə fənəri olacağından və hər ikimizin qaşımız qalın olduğu üçün, təkcə qaşlardan ibarət olacaq gələcək uşaqlarımızdan danışırdıq…
Sonra o mənim boynumu şərflə möhkəm-möhkəm bağlayır və biz iş yerimizə tərəf addımlayırdıq.
Hərəkətlərimin çoxu onun xoşuna gəlmirdi. İçirdim, ağına-bozuna baxmadan hamı ilə zarafatlaşırdım, elədiklərim barədə ona hesabat verməyi ağlıma gətirmirdim. Əsəbiləşmək əvəzinə gülümsəyirdi.
- Eybi yoxdur. Sən mənim şairə sevgilimsən. Sənə hər şey olar. Bircə saçlarını qırmızıya boyama, sevgilim, boyama!
Onunla niyə ayrıldıq, bilmirəm. Bir də hiss elədim ki, gündən-günə uzaqlaşıram ondan və bu uzaqlıq mənim xoşuma gəlir. Heç nə demədi. Ayrılığın, laqeydliyimin ağrısını, üzüntüünü öz içində çəkdi, heç kimə bildirmədi. Amma yenə də yanımda oldu. Bu dəfə də yaxın dost, sirdaş kimi. Başım harda dərdə düşsə, ona zəng eləyirdim, bütün iş-gücünü atıb, yanıma qaçırdı. Depressiyamın ən ağır vaxtlarında evdə yatanda apteklərə qaçır, dərmanları tapırdı, yanıma gəlib, alnımı sığallayırdı. Ona ən xırda işləri tapşırırdım: internetə get, yazı göndər, banka get, pul köçür, qəbz al, mən gələnə qədər bu uşaqdan muğayat ol. Hələ bir dəfə də olsun demədi ki, axı bütün unları mən niyə görə eləməliyəm?
Bir il bundan əvvəl təsadüfən «Alma»dan üçlükdə çıxdıq – mən, Elvin və dostum Sadiq. Avtobusa mindik. Yer az idi. Boş yerdə sadiq oturdu, Elvinlə mən gülə-gülə ayaq üstə dayandıq. Sadiq aşağıdan yuxarı mənə baxıb ikrahla dedi:
- Son vaxtlar zəhləm gedir səndən. Bir vaxtlar gombulluğuna görə, indii də iyrənc-iyrənc hərəkətlərinə görə. Xəyanətkar!
Sadiqin zarafatçıl olduğunu bilsəm də söz məni tutdu. Ümidlə Elvinə baxdım. Həmişəki kimi gülümsədi. Boynumu qucaqladı, saçımdan öpdü:
- Qorxma. Mən səni həmişə sevmişəm. Ən gombul vaxtında da, ən iyrənc vaxtında da, elə ən xəyanətkar vaxtında da… təki saçlarını qırmızıya boyama, sevgilim, saçlarını qırmızıya boyama!
……Elvin, o illər ərzində mən səni sevmədiymi ona görə anladım ki, bir dəfə də olsun, niyə saçlarımı qırmızıya boyamağımı istəmirsən. Amma indii soruşmaq istəyirəm. Əskərlikdəsən və sənə zəng çatmır.
Səninlə təkrar heç nə yaşamaq istəmirəm. Amma bir şeydən qorxuram – sən qayıdandan sonra saçlarımın hansı rəngdə olmağının sənin üçün fərqi olmasın. SƏN HƏLƏ HEÇ VAXT, HEÇ VAXT MƏNİ AĞRITMAMISAN, ELVİN!
Axı mən hələ də saçlarımı qırmızıya boyamamışam!