Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev və Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi ilə görüşüblər. VİP-in mətbuat xidmətindən verilən məlumata görə, tərəflərin apardığı müzakirələrdə əsas diqqət Azərbaycanda bu il noyabrın 7-nə təyin olunmuş parlament seçkilərinə yönəldilib. P.Semnebi Avropa İttifaqının Azərbaycandakı seçkiqabağı şəraitlə bağlı mövqeyi barəsində partiya sədrlərinə məlumat verib. Avropalı diplomat eyni zamanda, Aİ-nin parlament seçkilərinə dair nəzərdə tutduğu addımlarla əlaqədar məsələlərə də aydınlıq gətirib. P.Semnebi Bakıya son səfəri çərçivəsində keçirdiyi görüşlər haqda təəssüratlarını da bölüşüb.
Elçin