İltimas Məmmədov: «Bir mobil rabitə operatorun xidmətindən imtina edib, digərindən istifadə etmək mümkün olacaq»
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə nömrələrinin bir operatordan digərinə daşınması qaydalarının layihəsini gələn həftə təsdiq olunmaq üçün aidiyyatı qurumlara təqdim edəcək. Bu haqda məlumat verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, mobil rabitə nömrələrinin daşınması sisteminin tətbiqi üçün ölkədə bununla bağlı hüquqi baza olmalıdır: «Nömrələrin daşınması ilə bağlı qaydaların layihəsi artıq hazırlanıb və dəfələrlə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları ilə müzakirə olunub, onların rəy və təklifləri nəzərə alınıb. Ramazan bayramından sonra qaydaların layihəsi son variantını təsdiq edilməsi üçün aidiyyatı qurumlara təqdim olunacaq».
Nazir müavini qeyd edib ki, hüquqi baza yaradılandan sonra daşınan mobil rabitə nömrələrinin ölkədə tətbiqinə başlanılacaq: «Hesab edirəm ki, cari ilin sonunadək bu işlər tam başa çatırılacaq və daşınan nömrələrdən istifadə etmək mümkün olacaq».
Nazir müavini qeyd edib ki, yeni qaydalar qüvvəyə mindikdən sonra daşınan mobil rabitə nömrəsinin sahibi istənilən vaxt nömrəsini dəyişmədən bir mobil rabitə operatorundan imtina edib, digərinin xidmətlərindən istifadə edə biləcək.
Əfsun