Nadir Əzməmmədov: «Partlayış qatarın sonuncu vaqonunda baş verib»
Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisindəki dəmir yolunda partlayış törədilib. «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun «Üç nöqtə»yə verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 12:30-da Şimali Qafqaz dəmir yolunun Kizlər stansiyası yaxınlığında yük qatarının hərəkəti zamanı partlayış baş verib. İlkin məlumata görə, qatarın 5 vaqonu relsdən çıxıb: «Ölən və yaralanan yoxdur. İlkin məlumatlara əsasən partlayışa məruz qalan yük qatarı Həştərxandan Azərbaycana taxıl aparırmış. Partlayış nəticəsində Bakı-Tümen və Bakı-Moskva sərnişin qatarlarının hərəkəti də dayanıb».
Xidmət rəisi bildirdi ki, partlayış Həştərxandan Bakıya gələn qatarın sonuncu vaqonunun altında baş verib və nəticədə hər iki istiqamətdə hərəkət dayandırılıb: «Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Hələ hadisənin konkret təfərüatları məlum deyil».
N.Əzməmmədov dedi ki, dünən Bakıdan yola düşən Bakı-Moskva qatarı hazırda Kizlər stansiyasında, Sankt-Peterburqdan Bakıya gələn sərnişin qatarı isə Artezian stansiyasında dayanıb: «Hadisə yerində çalışan əməkdaşlarımız bildirdilər ki, hər iki qatarın sərnişinləri avtobuslarla Artezian və Kizlər stansiyalarına daşınacaq, Bakı-Moskva qatarı Sankt-Peterburq-Bakı qatarının sərnişinlərini Bakıya, Sankt-Peterburq-Bakı qatarı isə Bakı-Moskva qatarının sərnişinlərini Moskvaya aparacaq».
Əfsun