SKMF Oğuz rayonunda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Oğuz rayonunda prioritet hesab olunan aşağıdakı sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qurumun Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il avqustun 27-də respublikanın sərhəd rayonlarından biri olan Oğuz rayonunda “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. Tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Oğuz rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib. Buraya müasir tələblərə cavab verən təbii suların qablaşdırılması müəssisəsinin yaradılması, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün tutumu 2 min tonadək olan soyuducu anbar kompleksinin tikintisi aiddir. Sahibkarlar “Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları”na uyğun olaraq, müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər. Məsləhət və əlavə məlumatı Sahibkarlığa Kömək Milli Fondundan almaq olar.
Əfsun