"Xəzər Lənkəran"la "İnter"də "skamya isidənlər" daha çoxdur
Peşəkar futbolçu üçün ehtiyatda qalmaqdan əzablı heç nə ola bilməz. Doğrudur, azarkeşlər arasında “nəyinə lazım, ehtiyatda oturub əziyyətsiz-filansız pulunu qazanır da” deyənlər də var. Amma bu, qətiyyən belə deyil. Futbolun içini bilənlər bu fikrin kökündən yanlış olduğunu gözəl anlayırlar. Əslində azarkeşlər önünə çıxıb oynamaq məşqlərdəki gərgin əziyyətin mükafatıdır. Sizcə, bu mükafatdan məhrum olan insan özünü necə hiss edə bilər? Həyatda olduğu kimi futbolda da hər şey insanın öz seçimindən asılıdır. Elə oyunçular var ki, yaxşı pulun müqabilində güclü klubda ehtiyatda qalmağı üstün tutur. Lakin elə futbolçular da var ki, “10 yox, 5 manat alım, amma oynayım” deyib, zəif, maddi imkanı yüksək olmayan klublara yollanırlar. Əlbəttə, müəyyən istisnalar da olur. Məsələn, zəif komandada forma geyinən futbolçu bir neçə güclü klubun hədəfinə düşür və seçim etməli olur. Belə bir durumda sözsüz ki, ağlı başında olan futbolçu seçim edərkən əsas heyətdə oynamaq perspektivlərini göz önünə alır. Yay fasiləsində əvvəlki komandalarında ehtiyatda qalmaqdan təngə gələn və ya əsas heyətdə yer almaq perspektivlərini göz önünə alaraq, iş yerlərini dəyişən bir sıra yerli futbolçular oldu. Di gəl ki, onlardan bir çoxunun ümidləri puça çıxdı. Komandalarını dəyişsələr də, ehtiyat oyunçular skamyasından canlarını qurtara bilmədilər.
Fərid Quliyev
Fasilə dövründə ötən mövsümün bombardirinə “elçi düşənlər” çox idi. Sonda hücumçunu heyətinə qatan “Neftçi”dən əlavə, “İnter” və “Xəzər Lənkəran” da onun xidmətində maraqlı idi. Di gəl ki, I divizona yuvarlanan və sonradan dağılan “Standard”ı tərk edən Quliyev “ağ-qaralar”a üstünlük verdi. Görünür, Arif Əsədovun legionerlərə qapını göstərməsi onu ruhlandırmışdı. Lakin “Neftçi”yə yığma üzvü və bombardir ünvanı ilə gələn Fəridin hələ ki, işləri yolunda deyil. Üstəlik, klubda ehtiyatda qalan forvarda yığmanın da qapıları bağlanıb.
Açılış turu Quliyev üçün düşərli olmadı. Baş məşqçi onun adını “Qarabağ”la matçın iştirak ərizəsinə salsa da, meydana buraxmadı. Növbəti turda Fəridin 10 dəqiqə oynamaq imkanı oldu. Hücumçu “Qəbələ” ilə səfər matçının son anlarını meydanda keçirdi. “Simurq”la ev oyunu isə Quliyev üçün daha bərbad alındı. Əsədov ona “11-lik”də yer versə də, 37-ci dəqiqədə əvəzləməli oldu. Özü də baş məşqçi oyunsonrası mətbuat konfransında bildirdi ki, Fəridin oyunu onu qate etmədiyi üçün əvəzləyib və bu dəyişiklik “Neftçi”nin qələbə qazanmasında həlledici olub. Hər şeyə rəğmən, Arif bəy sonuncu tura təsadüf edən “İnter”lə səfər matçında da ona şans verdi. Lakin 84-cü dəqiqədə meydana çıxan Quliyev qısa zaman ərzində heç nə ilə yadda qalmadı.
Xaqani Məmmədov
Karyerasının qürub çağını yaşayan forvardın “İnter”dən niyə ayrıldığı hamıya məlumdur. Ehtiyatda qaldığı üçün baş məşqçi Kaxaber Tsxadadzeni zaman-zaman tənqid edən Məmmədov oynamaq arzusu ilə “Xəzər-Lənkəran”a üz tutdu. Lakin burda da köhnə hamam, köhnə tasdır. Mirça Rednik son iki turda onun adını heç iştirak ərizəsinə belə salmayıb.
Xaqaninin adı “Qəbələ” ilə açılış oyununda “18-lik”də olsa da, meydana çıxmadı. Təcrübəli futbolçu cari mövsümdə yalnız “Simurq”a qarşı matçın son 26 dəqiqəsində forma geyinib, lakin heç nə ilə yadda qalmayıb.
Asif Məmmədov
Ehtiyata qalmaqdan təngə gələrək “İnter”i tərk edən Asifin durumu da acınacaqlıdır. Gənc hücumçu “Qəbələ”, “Simurq” və AZAL-la matçlarda “18-lik”də olsa da, meydana çıxmadı. Rednik ona yalnız “İnter”lə ev oyununda şans verdi. Görünür, rumıniyalı mütəxəssis 78-ci dəqiqədə Məmmədovu meydana buraxmaqla sabiq komandasında qisas almaq imkanı yaratdı ki, komandaya da faydalı olsun. Amma sözügedən matçda tablodakı sıfırlar dəyişmədi.
Tural Cəlilov
Gənc futbolçu üçün “Simurq”u “Xəzər Lənkəran”a dəyişmək karyerasında irəliyə atılmış addım oldu. Təəssüf ki, Roman Pokora kimi Rednik də hələlik ona yetərincə güvənmir. Təsadüfi deyil ki, Tural yalnız I turda “Qəbələ” ilə matçın son 23 dəqiqəsində meydanda olub. Digər 3 matçda isə onun adı ümumiyyətlə, iştirak ərizəsinə daxil edilməyib.
Nizami Hacıyev
“Xəzər Lənkəran”da ehtiyatda qalan yarımmüdafiəçi həm də Bakıda yaşayan ailəsindəki problemləri göz önünə alaraq, vaxtilə formasını geyindiyi “İnter”ə döndü. Lakin Çempionlar Liqasında “Lex”lə oyunlardan göründü ki, Kaxaber Tsxadadze hələlik onu əsas heyət üzvü saymır. UniBank premyer-liqasının açılış turunda “Turan”la səfər matçında 52-ci dəqiqədə meydana çıxan futbolçunun bəxti gətirmədi. Belə ki, Hacıyev zədəli olduğu üçün son 3 oyunda “18-lik”dən kənar qalıb.
Camal Məmmədov
Tsxadadzenin “Standard”dan yaxşı tanıdığı Camala “İnter”də bir o qədər də güvənməyəcəyi öncədən bəlli idi. Təsadüfi deyil ki, “Simurq”u “İnter”ə dəyişən futbolçunun adı Çempionlar Liqasının sifariş ərizəsinə salınmadı. Premyer-liqaya gəlincə, Məmmədov yalnız sonuncu turda “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları matçın əsas vaxtının son 4 dəqiqəsini meydanda keçirib. “Xəzər-Lənkəran” və MOİK-lə oyunlarda Camalın adını “18-liy”ə daxil edən Tsxadadze “Turan”la oyunda ona ehtiyac duymamışdı.
Emin Cəfərquliyev
Gənc futbolçu “Neftçi”dən “Bakı”ya böyük ümidlərlə keçib. Baş məşqçi Vinfred Şafer AZAL-la açılış oyununda onu heyətə daxil etsə də, şans vermədi. Lakin almaniyalı mütəxəssis “Muğan”la oyunda ona özünü göstərmək üçün fürsət verdi. Ancaq futbolçu o qədər pis oynadı ki, Şafer oyunsonrası mətbuat konfransında yerli futbolçuların hamısını tənqid atəşinə tutdu və yerli futbolçulara legioner limitindən doğan məcburiyyətdən güvəndiyini dilə gətirdi. Odur ki, Cəfərquliyevin “Qəbələ” ilə oyunda “18-lik”dən kənarda qalmasında təəcüblü heç nə yoxdur. Yəqin ki, “zolaqlılar”ın “Qarabağ”la oyunu məlum səbəblərdən təxirə salınmasa idi, Emin yenə anoloji aqibətlə üzləşməli olacaqdı.
Ramin Quliyev
Yəqin ki, “Standard”ın sabiq futbolçusu “Qəbələ”də ehtiyatda qalacağını ağlına belə gətirməzdi. Hər halda uzun müddət “Bakı”da oynayan və zaman-zaman yığmaya çağırılan müdafiəçi üçün bu, gözlənilməz haldır. Açığı, təcrübəli Quliyevin rəqabətdə gənc həmkarı Nodar Məmmədova uduzması və cari çempionatda debüt etməməsi yaxşı hal deyil. Baş məşqçi Toni Adams geridə qalan 4 turda onu “18-liy”ə götürsə də, meydana buraxmayıb.
Ruhid Usubov
“İnter”i “Muğan”a dəyişən gənc futbolçunun durumu daha da acınacaqlıdır. Usubovun adına yalnız “Turan”la səfər matçının iştirak ərizəsində rast gəlmək mümkündür. Baş məşqçi Almir Hurtiç digər 3 oyunda ümumiyyətlə, onun xidmətinə ehtiyac duymayıb(ANS press).