«Türklər iaşəsini dövlətin büdcəsindən təmin edən və mütəmadi olaraq hicablı qızlar istehsal edən bir cəmiyyətdir»
Keçən həftə Almaniyada satışa çıxan və bu ölkədə yaşayan türk etniklər barədə xoşagəlməz fikirlər yazan “Almaniya özünü yox edir” kitabı satış rekordu qırır. Almaniya Mərkəzi Bankı idarə heyətinin üzvü Tillo Sarrazin tərəfindən yazılan kitabda türk və ərəb miqrantların ölkənin zəka səviyyəsini aşağı düşürdüyü iddia edilib. Yazıçı həmçinin azan səsi eşitmək istəyənlərdən ölkəni tərk etməyi tələb edib: “Azan səsi eşitmək istəyən Şərqə getsin”. Kitabda türk miqrantlar barədə bir çox təhqiredici ifadələrə yer verilib: “Türkcə danışılan, günün ahənginin azan səsi ilə müəyyən olunduğu bir ölkədə yaşamaq istəmirəm. Türklər ancaq göyərti satıcısı və dönərçi ola bilərlər. Miqrantların zəka səviyyəsi almanlardan daha aşağıdır. Almaniya get-gedə həm axmaqlaşır, həm də cılızlaşır. 100 ildən sonra 25 milyon, 300 ildən sonra 8 milyon alman qalacaq”.
Təhqirlərin davam etdiyi kitabda hicablı qız istehsal edən türklərin heç bir vaxt alman ictimaiyyətinə inteqrasiyasının mümkün olmayacağı da iddia olunub: “Türklər iaşəsini dövlətin büdcəsindən təmin edən, uşaqlarının təhsil həyatı ilə maraqlanmayan və mütəmadi olaraq hicablı qızlar istehsal edən bir cəmiyyətdir. Türkcə qəzet oxuyan, türk həyat yoldaşı və türk dostları olan, türk çayxanalarında oturan və axşamlar da türkcə telekanallara baxan insanların bu ölkəyə inteqirasiyası necə mümkün ola bilər?».
Elçin