Havaların soyuması və günəşdəki partlayışlar xəstəliklərin artması ilə nəticələnib
Son günlər havanın kəskin soyuması və günəşdə partlayışların baş verməsi nəticəsində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı xeyli artıb. Stansiyanın baş həkiminin müalicə, metodik işlər üzrə müavini Suğra Bəşirovanın Lent.az-a verdiyi məlumata görə, havanın soyuması ilə əlaqədar yuxarı tənəffüs yollarının soyuqdəyməsi diaqnozu ilə müraciət edənlərin sayı yanvarın əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. Bir neçə gündə daha təhlükəli tendensiya isə ürək-qan-damar xəstələri ilə bağlıdır. S.Bəşirovanın bildirdiyinə görə, günəşdə baş verən proseslər xroniki qan-damar xəstələrinə mənfi təsir edib və müraciət edənlərin sayı kəskin artıb: “Bu həm də psixoloji amillə əlaqədardır. Çünki son günlərdə kütləvi informasiya vasitələrində günəşdəki proseslər və bunun insana təsiri ilə bağlı çox danışılır. Xəstə insanlar da öz səhhətlərindən daha çox narahat olmağa başlayırlar”.
Qeyd edək ki, tibbi hidrometeoroloji proqnozda insanların açıq havada az qalmaları məsləhət görülür.