Bakıda gecə ilə gündüz havanın temperaturu eyni olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və proqnozlar bürosu Azərbaycanda istirahət günləri üçün gözlənilən hava şəraitini açıqlayıb. Bürodan verilən məlumata görə, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyinin 15-20 m/saniyədən arabir 23-28 m/saniyəyədək güclənəcəyi ilə əlaqədar çovğun olacağı ehtimalı var. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Yanvarın 29-da paytaxtda az qar yağacağı, günün 2-ci yarısında yağıntıda qısa müddətli fasilə olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlədə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Mərkəzi Aranda gecə 3-8 dərəcə, gündüz 0-3 dərəcə şaxta, dağlarda və dağətəyi rayonlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yanvarın 29-da qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gündüz yağıntıda qısa müddətli fasilə olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 4-9 dərəcə, gündüz 0-4 dərəcə şaxta, dağlıq və dağətəyi rayonlarda gecə 12-17 dərəcə, gündüz 3-8 dərəcə şaxta proqnozlaşdırılır. Yollar buz bağlayacaq.
Fərid